TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 19 Aprel 2024, Cümə


Sahibkarlığa dəstək
Avropa ölkələrində sahibkarlığa dövlət dəstəyi

KOS Avropa iqtisadiyyatının bel sütunu kimi iqtisadi böhran zamanı itirdyi mövqeyini artıq bərpa etməkdədir. Hazırda Avropada bütün müəssisələrin 98 faizini təşkil edən 20,7 milyon firma fəaliyyət göstərir ki, onların da böyük əksəriyyəti (92,2%) işçilərinin sayı 10 nəfərdən az olan müəssisələrdir. 2012-ci il üçün olan hesablamalara (EU SMEs in 2012: at the crossroads) görə Avropada ümumi işçilərin 67  faizi KOS müəssisələrində çalışır və ümumi əlavə dəyərin 58 faizi onların payına düşür.

Ekspertlərin fikrincə, Avropada kiçik və orta sahibkarlığın iki müxtəlif modeli mövcuddur. Birinci modelə aid edilən və işçilərin orta sayının çox az, lakin daha çox iş yerləri yaratmaları və saxlamaları ilə seçilən müəssisələr cənubi Avropa ölkələri (Portuqaliya, İspaniya, İtaliya, Yunanıstan, bəzən onlara Fransanı da əlavə edirlər) üçün səciyyəvidir. İkinci model müəssisələr - işçilərin orta sayının çox, məşğulluğun saxlanmasında isə daha az paya sahib olanlar isə daha çox mərkəzi Avropa ölkələrində (Almaniya, Avstriya, Hollandiya) daha geniş yayılıb.

Avropada kiçik biznes rəqabətin inkişafını stimullaşdırır, böyük şirkətləri yeni texnologiyaları tətbiq etməyə və istehsalın effektivliyini artırmağa "məcbur edir". Avropa Birliyinin bütün iqtisadiyyatının effektivliyi kiçik və orta biznesin uğurlu fəaliyyətindən birbaşa asılıdır. Buna görə, Avropa Birliyi çərçivəsində kiçik sahibkarlığın dəstəklənməsi siyasəti həyata keçirilir ki, onun da əsas məqsədi – dövlətin və biznesin maraqlarının tarazlaşdırılması, sahibkar fəaliyyəti üçün optimal şəraitin təminatı, kiçik biznesin rəqabətə davamlılığının artırılmasıdır.

Avropada kiçik biznesin tənzimlənməsi və dəstəklənməsində əsas məqsədlər bunlardır:

Avropada kiçik biznesi tənzimləmənin və dəstəkləmənin unikal sistemi keçmiş yüzilliyin yetmişinci illərində formalaşmağa başlayıb. Kiçik və orta sahibkarlığı maksimum stimullaşdırmaq məqsədilə kiçik biznesin qarşısında inzibati maneələri aradan qaldırmaq üçün bir sıra tədbirlər görülüb. Birinci növbədə əlavə dəyər vergisi ilə bağlı dəyişikliklər, maliyyələşdirmə şərtlərində isə düzəlişlər edilib və dövlətlərin sosial siyasətində dəyişikliklər baş verib.

2000-ci ildə "Kiçik müəssisələr üçün Avropa xartiyası" ("European Charter for Small Enterprises") qəbul edilib. Avropa ölkələri hökumətləri bu sənəddə kiçik müəssisələrin böyük potensialını tanıdılar, sahibkarlıq ruhunun yüksəldilməsinin, şəxsi biznesin təşkili üçün əlverişli şəraitin yaradılmasının, KOS -ların peşəkarlığı, etibarlılığı və çevikliyi kimi dəyərlərin əhəmiyyətini etiraf etdilər, hətta əgər sahibkarın əvvəlki cəhdləri çox uğurlu olmamışdısa belə, özəl biznesin yaradılmasının təkrar cəhdləri üçün əlverişli şəraitin təmin edilməsinin əhəmiyyətini vurğuladılar. Avropa xartiyasının müddəaları 2001-2005-ci illəri əhatə edən Çoxillik proqramda nəzərə alındı və elə birinci il onların tətbiq edilməsi üzrə 11 layihənin həyata keçirilməsinə başlandı. 2004-cü ildən başlayaraq ən əhəmiyyətli məsələlər illik konfranslarda müzakirə edilir. Konfranslar bitdikdən sonra kiçik və orta sahibkarlığa dəstək və Xartiya müddəalarının həyata keçirilməsi məsələlərində ayrı-ayrı ölkələrin nailiyyətləri haqqında hesabatlar dərc edilir. 2008-ci ilin iyunundan "Kiçik biznes haqqında Qanun" (A "Small Business Act" for Europe) qüvvəyə mindi və bu qanun KOS barəsində Avropa Birliyi siyasətinin bütün prioritetlərini yerbəyer etdi. Qanun KOS barəsində effektiv siyasətin formalaşması, həmçinin onun inkişafına mane olan əsas problemlərin həlli yolu ilə "Əvvəlcə Kiçik haqqında düşün" ("Think Small first" principle) əsas prinsipinin reallaşdırılmasına yönəldilmişdir. 

Avropada kiçik biznesin dövlət tənzimləməsi kiçik və orta sahibkarlığın inkişafına köməyin qanunvericilik, layihələrin işlənib hazırlanması və məqsədli maliyyə, texnologiya, informasiya və kadr proqramlarının reallaşdırılması yolu ilə  həyata keçirilir. Kiçik biznesin inkişafının stimullaşdırılması üçün yeni hüquqi modellər (Avropa səhmdar şirkəti, iqtisadi maraqların Avropa kooperasiyası) hazırlanıb. Həmin modellər müxtəlif dövlətlərin hüquq sistemlərindəki fərqliliklərdən doğan problemləri müxtəlif ölkələrdən olub işgüzar münasibətlərdə olan kiçik müəssisələrə effektiv  həll etmək imkanı verir.

Avropada kiçik biznesə dəstək siyasəti dövlətlərin fəaliyyəti və Avropa Birliyi himayəsi altında reallaşdırılan xüsusi proqramlar vasitəsilə həyata keçirilir. Kiçik biznesin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi Avropa Birliyinin Regional İnkişaf Fondu, Sosial Fond kimi struktur fondları tərəfindən təmin edilir.

Bundan başqa, işgüzar münasibətlərə daxil olan, amma müxtəlif dövlətlərdə qeydiyyatda keçmiş kiçik müəssisələrin arasında  mübahisələrin və fikir ayrılıqlarının ağrısız həlli üçün xüsusi hüquqi modellər hazırlanıb.

Avropa Birliyi səviyyəsində kiçik və orta sahibkarlıq sektorunun maliyyələşdirilməsi üçün iki əsas proqram qüvvədədir. Onlardan biri perspektivli müəssisələrin risk kapitalının təminatına yönəldilmişdir və start kapitalının 50 faizinə, həmçinin beş il müddətinə qaytarılması şərti ilə istismar xərclərinin də 50 faizinə qədər kreditlərin verilməsini nəzərdə tutur. İkinci - "Eurotech" - qarşılıqlı zəmanətli 13 fonddan ibarət şəbəkə qurulub və onlar  dövlətlərarası xarakterli yüksək texnologiya layihələrinə investisiyalar üçün kreditlər ayırır və struktur-böhran sahələrinə, həmçinin ekoloji layihələrə sərmayə qoymağa kömək edirlər.

Tənzimləmənin və kiçik və orta sahibkarlığın inkişafına kömək göstərilməsinin ən əhəmiyyətli istiqamətlərindən biri dövlət maliyyələşdirməsidir. O həm fondların büdcə maliyyələşdirməsi əsasında birbaşa subsidiyaların verilməsi şəklində, həm də dəstəyin müxtəlif formalarının yaradılması yolu ilə, kreditlərin qaytarılması üzrə zəmanətlərin təqdim edilməsi, onların güzəştli faizlərlə verilməsi, kiçik və orta firmaların kapitalında iştirak etməklə həyata keçirilə bilər.

Avropa Komissiyası milli hökumətləri kiçik və orta sahibkarlığın dəstəklənməsinə getdikcə daha çox təşviq edir. Dövlətin sahibkarlığın inkişafına və dəstəklənməsinə yardım imkanları olduqca müxtəlifdir. Bu həm keyfiyyətli təhsil sistemi, həm optimal vergi sistemi (məsələn, vergi qoymada güzəştər), həm müvafiq normativ baza, həm sahibkar fəaliyyətinə minimal məhdudiyyətlər, həm birbaşa subsidiyaların verilməsi, həm dövlət zəmanətləri və s. şəklində ola bilər.

İş yerləri yaradılmasının və kiçik və orta sahibkarlıq sektorunda işçi resurslarının inkişafını dəstəkləmək məqsədi ilə maliyyə xarakterli tədbirlər və konsaltinq/təlim fəaliyyəti nəzərdə tutulur. Avropa İttifaqı öz kiçik və orta müəssisələrinə maddi yardım verməyə icazə verdiyi halda böyük biznes barəsində belə təcrübəni qadağan edir.

Avropa Birliyində tədris və konsultasiya məntəqələri şəbəkəsi fəaliyyət göstərir. Onun vəzifəsinə vahid bazar şəraitində strategiyanın işlənib hazırlanmasında kiçik və orta sahibkarlığa kömək etmək daxildir.

Bir sıra Avropa Birliyi proqramları açıq ifadə edilən sosial istiqamət daşıyır. Gənclər üçün start şəraitinin yaradılması (Youthstart), Avropanın başqa ölkələrinin kiçik və orta müəssisələrində təcrübə keçmələri yolu ilə gənc sahibkarların ixtisaslarının artırılması (Petra), qadın sahibkarlığının stimullaşdırılması (Now), fiziki qüsurları və məhdud iş qabiliyyəti olan şəxslərin əmək fəaliyyəti dairəsinin genişləndilməsi (Horizon), gənclərin, işsizlərin və işini itirmək təhlükəsi ilə üzləşənlərin  peşəkar bacarıqlarının inkişaf etdirilməsi (Euroforum) belə proqramlardandır.

Kiçik və orta müəssisələrin sosial problemləri üzrə qanunvericiliyin üyğunlaşdırılması ilə bağlı  xüsusi tədbirlər mühüm rol oynayır.

Avropa Komissiyası tərəfindən hazırlanmış 13 təlimat müəssisələr haqqında milli qanunların unifikasiyasının əsası oldu. Onlar Avropa Birliyinin ərazisində firmaların fəaliyyətini nizama salan vahid normalar tətbiq edirlər. 100-dən çox akt və norma Avropa Birliyinin 10 yeni təlimatında birləşdirilib.

Beləliklə, Avropa Birliyində kiçik və orta sahibkarlığın tənzimlənməsi və dəstəklənməsi fəaliyyətləri aşağıdakılardan ibarətdir:

Müxtəlif fəaliyyətlərin bu məcmusu kiçik və orta sahibkarlığın bütün Avropa Birliyi ölkələrinin təsərrüfatında əhəmiyyətli yer tutan iqtisadi sektora çevrilməsinə gətirib çıxarıb.

Mənbə: "MKS Dövlət Agentliyi məsələsinə dair xarici təcrübəni əks etdirən HESABAT"

 

 
Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.