Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Sahibkarlığa dəstək
Sinqapurda sahibkarlığa dövlət dəstəyi

Sinqapur neft məhsullarının emalı və yarımkeçiricilərin istehsalı üzrə dünyanın ən böyük mərkəzlərindəndir.  Bir çox mütəxəssislər hesab edirlər ki, Sinqapur sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ən yaxşı yerdir. Ölkədə bazar iqtisadiyyatı və maliyyə infrastrukturu geniş inkişaf edib, axı məhz burada dünyanın 3000-dən çox ən böyük şirkətinin nümayəndəlikləri yerləşir.

Sinqapurda iqtisadiyyatın və sahibkarlığın çiçəklənməsinin əsas səbəblərinə baxaq:

  1. Ölkədə əlverişli iqtisadi şəraitin və cəlbedici investisiya iqliminin mövcudluğu. Kiçik sahibkarlıqla bağlı xarici kapitalın və investisiyaların cəlb edilməsinə yönəldilmiş güzəştli vergi qanunvericiliyi mövcuddur. Həmçinin gəlirlərin köçürüllməsinə rüsum yoxdur, iqtisadiyyata pul vəsaiti qoyulmasına zəmanət təmin olunur və s.
  2. Sinqapurda kiçik sahibkarlığın əsasını müxtəlif xidmətlərin, o cümlədən ticarət, nəqliyyat, rabitə, maliyyə, turizm və başqa xidmətlərin göstərilməsi təşkil edir. Bu xidmət sahələri ölkə əhalisinin 70-80%-ə qədərini təşkil edən böyük əksəriyyətini iş yerləri ilə təmin edir. Sinqapur sakinlərinin əksəriyyəti fərdi sahibkarlıq fəaliyyətiylə məşğuldur, bəziləri müxtəlif şirkətlərin səhmlərinə və digər qiymətli kağızlarına sahibdir. Beləliklə, Sinqapurda orta sinif əhalinin ümumi sayının təxminən 80%-ni təşkil edir.
  3. Kiçik müəssisələrin açılması və bilavasitə fəaliyyətinin həyata keçirilməsi üçün münasib şərtlər yaradılıb. Onlar qanunverici aktlarda ətraflı qeyd edilib və yerinə yetirilməsi üçün ciddi tələblər qoyulub. Öz biznesini başlayan kiçik və orta müəssisələr üçün xüsusi güzəştlər nəzərdə tutulub.

Bir sıra rəqabət amlləri Sinqapuru dünyanın digər ərazilərindən fərqləndirir və onun biznes fəaliyyətini həyata keçirmək üçün ən yaxşı ölkələrdən biri və ya birincisi kimi dəfələrlə mükafatlar almasına səbəb olub. Belə ki, müxtəlif illərdə Singapur dünyada bizneslə məşğul olmaq üçün ən asan ökəd (Doing Business 2011 Report), Asiya-Sakit okean hövzəsi və bütün dünya üzrə ən yaxşı biznes mühiti olan ölkə (Country Forecasts, December 2009, Economist Intelligence Unit), Xarici Ticarət və İnvestisiyalar üzrə Dünya lideri (The Globalization İndex 2010, KOF Swiss Economic Institution), İqtisadiyyatında Korrupsiyanın ən az olduğu Asiya üzrə birinci, dünya  üzrə beşinci ölkə (The World Competitiveness Index Rankings 2010, International Institute for Management Development) və Intellektual mülkiyyətin qorunması üzrə dünyada birinci ölkə (Global  Competitiveness Report 2010-2011, World Economic Forum) hesab edilib.

Sinqapurda iqtisadiyyatın müxtəlif sahələrində standartlara əməl edilməsinə nəzarət edən dövlət orqanlarının mövcud olmasına baxmayaraq ölkədə məmur bürokratiyası minimuma endirilib. Qeyd etmək lazımdır ki, vəzifəli şəxs tərəfindən rüşvət alınması ehtimalı praktik olaraq 100% istisna edilir. Sinqapurda məmurlara hər hansı bir hədiyyə qəbul etmələri qadağandır.

Sinqapurda kiçik və orta sahibkarlıq eyni bir qrupa daxildirlər. Belə olduqda əsas meyar müəssisəsədə çalışan işçilərin sayıdır və həmin say iki yüzü ötməməlidir. Bu qrup iki kateqoriyaya bölünür. Birinci kateqoriya restoran, mehmanxana, turizm, inşaat və xidmətin başqa növlərinin inkişafıyla məşğul olur. Sinqapurda bu sahələrdə fəaliyyət göstərən kiçik sahibkarlıq sərt standartlara tabe olur. Bu səbəbdəndir ki, əhalisinin sayı 5 milyondan az artıq olan Sinqapura hər il ən azı 6 milyon turist baş çəkir.

Kiçik sahibkarlıq subyektlərinin ikinci kateqoriyası istehsal və innovasiya layihələrinin tətbiqi sahəsində fəaliyyət göstərirlər. Sinqapurun iqtisadiyyatı müəssisələr arası əməkdaşlığa və onların xüsusi ittifaqlarda birləşməsinə yönəldilib. Bu əməyin səmərəli bölgüsü, həmçinin yeni texnologiyaların tətbiqi və yeni məhsulun istehsalına başlanması zamanı ən yaxşı nəticələrə nail olmaq üçün edəlir.

Sinqapurda təxminən 140 min kiçik və orta sahibkarlıq subyekti fəaliyyət göstərir. Bu ölkənin bütün müəssisəslərinin təxminən 90 faizini təşkil edir. Kiçik sahibkarlıq ildə təxminən 5-6 faiz artımla ölkənin işləyə bilən əhalisinin əhəmiyyətli hissəsini iş yerləriylə təmin edir.

Kiçik sahibkarlığın belə inkişafı dövlətin dəstəyi olmadan mümkün olmazdı. Sinqapur hökuməti kiçik və orta sahibkarlığın beynəlxalq bazarda rəqabətə davamlılığı məqsədi ilə onların inkişafına yardım etməkdə maraqlıdır. Sinqapurda kiçik sahibkarlığa dəstək göstərilməsi üçün xüsusi olaraq SPRING agentliyi təsis edilib.

SPRING Sinqapur Ticarət və Sənaye Nazirliyi nəzdində Sinqapur müəssisələrinin inkişafına yardım və Sinqapur məhsul və xidmətlərinə etimadı təmin etmək üçün məsul olan agentlikdir. Sahibkarlığın İnkişaf Agentliyi kimi SPRİNG  tərəfdaşları ilə birgə sahibkarlara maliyyə əldə edilməsi, bacarıq və idarəetmənin inkişaf etdirilməsi, texnologiya və innovasiya və bazarlara çıxış məsələlərində  kömək etmək üçün fəaliyyət göstərir. Milli standartlar və akkreditasiya orqanı kimi SPRING beynəlxalq standartlar və keyfiyyət təminatı infrastrukturu işləyib hazırlayır və yaradır. SPRING həmçinin Sinqapurda ümumi istehlak mallarının təhlükəsizliyinə də nəzarət edir.

Agentlik kiçik sahibkarlıq üçün müxtəlif dəstək proqramlarını hazırlamaq və reallaşdırmaqla məşğul olur. 2011-ci ildə SPRING 3800 layihə üzrə 3900 kiçik və orta müəssisəyə yardım edib. Həmin proqramlar bitdikdən sonra növbəti üç il ərzində 15 mindən çox yeni iş yeri yaradılacaq və iqtisadiyyat üçün əlavə olaraq 4,4 milyard ABŞ dolları məbləğində əlavə dəyər yaradılacaq. Ümumilikdə SPRING və onun İqtisadi İnkişaf Mərkəzləri adlandırılan tərəfdaşları fəaliyyətləri ilə  2011-ci ildə 112 400 kiçik və orta müəssisəni əhatə edə biliblər. Həmin fəaliyyətlər aşağıdakı istiqamətlərdə aparılır:

  1. kiçik sahibkarlıq subyektlərinin sahibkar bacarıqlarının inkişafı;
  2. sahibkarlara konsaltinq, mühasibat və məsləhət xidmətlərinin göstərilməsi;
  3. müəssisələrə onların iş xüsusiyyətlərinə aid olan yardımların edilməsi;
  4. göstərilən xidmətlərin və istehsal edilən malların keyfiyyətinə nəzarət;
  5. kiçik sahibkarlıq strukturunun təkmilləşdirilməsi;
  6. kiçik sahibkarlığı idarə etmək üçün kadrların hazırlanması.

Agentlik 17 nəfərdən ibarət Direktorlar Şurası tərəfindən idarə olunur.  Şuraya sədr başçılıq edir. O heç bir dövlət, biznes və ya qeyri-hökumət təşkilatından asılı olmayan müstəqil şəxsdir. Onun bir müavini də daxil olmaqla Şuranın digər üzvləri müxtəlif dövlət orqanlarının və özəl biznes şirkətlərinin nümayəndələridir. Məsələn, Sədrin müavini Ascendas Pte Ltd şirkətinin Prezidenti və Baş icraçısıdır. Şura üzvləri arasında bir neçə başqa özəl şirkətlərin, həmçinin Müdafiə Nazirliyinin və müxtəlif elm, tədqiqat, akademiya, universitet, hətta Ernst & Young, Asia Bank of America Merill Lynch, Nyu-York Dövlət Universitetinin nümayəndələri var. Şurada bir yer SPRING Baş Icraçısına məxsusdur. O həm də İcra Orqanına rəhbərlik edir.

İcra Orqanı Agentliyin əsas istiqamətləri üzrə fəaliyyətlərini həyata keşirir. Bunlar beynəlxalq tərəfdaşlıq, keyfiyyət və standartlara nəzarət, resursların, bacarıqların inkişaf etdirlməsi və planlaşdırma və sahibkarlıq və innovasiyaların tətbiqi sahələridir.

www.spring.gov.sg vebsaytının məlumatlarından istifadə edilib.

Mənbə: "MKS Dövlət Agentliyi məsələsinə dair xarici təcrübəni əks etdirən HESABAT"

 

 
Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.