TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 6 Dekabr 2019, Cümə


Virtual Tədris
SAHİBKAR OLMAQ BARƏDƏ DÜŞÜNƏN KƏS HANSI TƏRƏDDÜDLƏRİ YAŞAYIR
Sabit Bağırov.

Sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər adətən aşağıdakı tərəddüdləri yaşayır:

  1. Hansı sahibkarlıq fəaliyyəti növü uğurlu ola bilər?
  2. Pul tapa biləcəyəmmi?
  3. Hazırki qazanc mənbəyimi atsam, ailəmi necə təmin edərəm?
  4. Bacararammı?
  5. Ailəmdə problemlər yaranmaz ki?
  6. Yaşım ötməyib ki?
  7. Yaşım çatıbmı?
  8. Sağlamlığım imkan verəcəkmi?

Hansı sahibkarlıq fəaliyyəti növü uğurlu ola bilər?
Sahibkar olmaq istəyən hər kəs üçün bu, əsas suallardan birincisidir. "Mən nə ilə məşğul olum?". Bu suala cavab tapmağa çalışarkən həmin kəs öz bacarıqlarını gözdən keçirir, sahibkarlıqla uğurla məşğul olan digərlərinin (qohum, dost, rəfiqə, tanış, qonşu və s.) fəaliyyətinə diqqət yetirir. Əgər Sizin hansısa sahədə gözəl bacarığınız, əl qabiliyyətiniz varsa, gələcək sahibkarlıq fəaliyyəti üçün məhz bu sahəni seçmək məsləhətdir. Təcrübə göstərir ki, bu seçim çox vaxt uğurlu olur.
Amma başqa sahəni seçərsinizsə, həmin sahə üzrə qabiliyyəti olan insanı cəlb etməli olacaqsınız, bu isə xərclərinizi artıracaq və məhsulunuzun və ya xidmətinizin qiymətini yüksəldəcək. Nəticədə isə həmin sahədə işləyən digər sahibkarlarla rəqabətdə uğur qazanmaq şansınız azalacaq.

Pul tapa biləcəyəmmi?
Sahibkarlıq fəaliyyətinə başlayan adətən müəyyən məbləğlərdə xərc çəkməli olur. Məsələn, Siz yol kənarında təndir çörəyi bişirib satmaq istəyirsinizsə, xərcləriniz bu təndirin quraşdırılması, ilkin odun topası, maşa və s. məsrəflər həcmində olacaq. Bu, elə də böyük xərclər deyil.
Bir qədər çox xərc dərziliklə məşğul olmaq istəyəni gözləyir. Tikiş maşını, xüsusi aksesuarlar almaq üçün xərclər təndir çörəyi biznesinin qurulmasına tələb olunan xərclərdən bir qədər çox olacaq.

Siz gözəl avtomobil ustasısınızsa və avtoservis yaratmaq istəyirsinizsə, ilkin xərcləriniz (investisiyanız və ya öz dilimizlə desək sərmayə yatırımınız) yuxarıdakı sahibkarlıq sahələri ilə müqayisədə xeyli yüksək olacaq. Siz xü-susi avadanlıq, alətlər və cihazlar almalısınız, avtoservis üçün uyğun bir yer icarəyə götürməli və ya tikməlisiniz.
Bu misallardan gördüyümüz kimi, seçdiyiniz biznes sahəsindən asılı olaraq ilkin xərcləriniz (sərmayə yatırımınız) bir neçə yüz manatdan on minlərlə manata qədər dəyişə bilər (əlbəttə, biz kiçik biznesdən söhbət aparırıq). Bu vəsaitlər özünüzdə yoxdursa, onu haradan əldə etmək olar? Bunun bir neçə yolu var:

  1. Qohum, dost, rəfiqə və tanışdan borc götürmək;
  2. Bankdan və bank olmayan kredit təşkilatından borc (kredit) almaq;
  3. Qurduğunuz biznesə şərikləri cəlb etmək (bu zaman onların da vəsaitlərindən istifadə etmək mümkün olacaq).

Bankdan və bank olmayan kredit təşkilatından borc (kredit) almaq imkanları barədə sonrakı səhifələrdə geniş məlumat verilir.

Hazırki qazanc mənbəyimi atsam, ailəmi necə təmin edəcəyəm?
Siz haradasa işləyirsinizsə (dövlət qurumu, təhsil ocağı, şirkət və s.) və bu iş yeri ailənizin əsas gəlir mənbəyidirsə, təbii ki, bu gəlir mənbəyini atıb, öncədən müvəffəqiyyətində əmin olmadığınız sahibkarlığa ümidlərinizi bağlamaq düşündürücüdür. Ona görə, seçdiyiniz gələcək biznes sahəniz böyük sərmayə yatırımı tələb edirsə, gözlənilən xərc və gəlir axınları ciddi təhlil edilməlidir. Bu təhlillərin aparılması üsullarını biz sonrakı səhifələrdə nəzərdən keçirəcəyik. Ən yaxşı variant mövcud iş yerini atmadan paralel olaraq kiçik həcmlərdə biznesə başlamaqdır. Bir müddət özünüzü sahibkar kimi sınaqdan keçirdikdən sonra tam şəkildə bizneslə məşğul olmaq barədə daha böyük arxayınlıqla qərar qəbul edə bilərsiniz.

Bacararammı?
Təcrübə göstərir ki, kiçik biznesi yaradan özünün hansısa bacarığına, ustalığına (məsələn, dadlı şirniyyat bişirmə, xalça, makrome və ya corab toxuma, dərzilik, zənbil düzəltmə, avtomobil təmiri, saç düzəni və s.) əsaslanırsa, o heç də az olmayan halda uğur qazana bilir. Sadəcə olaraq bu bacarıqlara bazarla işləmək, öz malının və ya xidmətinin alıcı şəbəkəsini qurmaq, biznesini rəsmi qeydiyyatdan keçirmək, vergi ödəmək və bir sıra digər biliklər əlavə edilməlidir. Sonrakı səhifələrdə bunlar barədə lazım olan məlumatlar verilir.
Əgər Siz bazarda alıcı tapa biləcək mal istehsal etməyi bacarmırsınızsa, biznesinizi qurmaqdan öncə xüsusi kurslarda bu bacarıqları əldə edə bilərsiniz.

Ailəmdə problemlər yaranmaz ki?
Bu sual xüsusi olaraq evdar xanımlar üçün aktual ola bilər. Çünki sahibkarlıqla məşğul olmağa başlayan xanımın ailəsinə ayırdığı vaxt xeyli daralır. Bu da ailə üzvlərinin etirazına əsas ola bilər. Etiraza səbəb itkilərdən (tək zaman deyil, maliyyə də daxil) ehtiyatlanma da ola bilər. Belə vəziyyətdə nə etməli? Əgər Sizin sahibkarlıqla məşğul olmaq istəyiniz bir-iki ifadə ilə ailə başçısına və ya üzvlərinə bildirilibsə və bu niyyətiniz rədd edilibsə həvəsdən düşməyin. İlk öncə gələcək sahibkarlıq fəaliyyətinizi çalışın hərtərəfli təhlil edin (ailə üzvlərindən gizlin də ola bilər). Gözlənilən xərclər (maliyyə vəsaiti və zaman) və gəlirləri hesablayın. Lazım gələrsə məsləhətçi tapıb onun köməyindən faydalanın. Çalışın bu təhlilləri kağız üzərində əks etdirəsiniz. Əgər hesablamalara əsasən gözlənilən gəlirlər sahibkarlıq fəaliyyətinizə çəkiləcək xərcləri xeyli üstələyirsə, ailə üzvləri ilə bir daha məsələni müzakirə edin. Belkə bir neçə dəfə bunu səbrlə etməli olacaqsınız. Əgər bu müzakirələrin sonunda ailə başçısı razılığını verirsə işə başlaya bilərsiniz. Əks halda ya niyyətinizdən birdəfəlik daşının və ya bir müddət keçdikdən sonra yenə cəhd edin.

Yaşım ötməyib ki?
İstənilən yaşda biznesə başlamaq olar. Təşəbbüs Sizindir və yaşınızdan asılı olmayaraq Siz bu təşəbbüsü gerçəkləşdirmə haqqına maliksiniz. Məsələn, bu gün dünyada məşhur olan McDONALD'S şirkətinin (Azərbaycan da daxil olmaqla 119 ölkədə 35 min iaşə müəssisəsi) yaradıcısı olan McDonald qardaşlarından böyüyünün 52 yaşı var idi. Dünyada məşhur olan digər şirkətin - KFC-nin (Azərbaycan da daxil olmaqla 118 ölkədə, 18 mindən artıq iaşə müəssisəsi) yaradılması ideyası onun yaradıcısı Harland David Sander-sin ağlına 66 yaşında olduqda gəlmişdir. Əlbəttə, ideya yarandıqdan sonra şirkəti genişləndirmək üçün illər tələb olunur. Harland David Sanders 90 il yaşamış və bunu edə bilmişdir.

Yaşım çatıbmı?
Bu sualı da özünə verənlər tapılar. Amma bir çox tanınmış biznesmenlərin hələ uşaqkən qazanmağa başladıqları ilə bağlı bir çox misallar var. Məsələn, Uorren Edvard Baffet (Warren Edward Buffett, 1930, 30 avqust tarixində Omaha, Nebraska, ABŞ-da anadan olub) dünyada ən nəhəng və tanınmış sərmayəçidir. Baffet 6 yaşında ikən mağazadan bir qutu koka-kolanı 25 sentə alır və 6 şüşədən hər birini 5 sentə satır. Ümumi gəliri 30 sent, mənfəəti isə 5 sent təşkil edir. Beləliklə, biznesmen oğlan öz ilk mənfəətini əldə edir. 11 yaşında Baffet özünü birjada sınayır. Atasından borc aldığı pula "Cities Service" şirkətinin 3 imtiyazlı səhmini alır və sonra onları sataraq 5 dollar qazanc əldə edir. Bu, həmişəlik sərmayəçinin yaddaşında qalır. Baffet dünyada ən dövlətli insanlardan biri və var-dövlətinin həcminə görə ABŞ sakinləri arasında 2-ci yer tutur. O, "Omahalı orakul" ləqəbi ilə məşhurdur. 10 min dollar həcmində ilk kapitalını Uorren uğurlu biznes ideya -bərbərxanalarda pinbol üçün avtomatları yerləşdirməklə qazanır. 2010-cu ildə Uorren Baffetin var-dövləti 47 mlrd. dollar həcmində qiymətləndirilmişdi.

Sağlamlığım imkan verəcəkmi?
Sağlamlıq çox vacib amildir. Sahibkarlıq fəaliyyəti heç də hamar deyil. Gərgin və əsəbi günlər az olmur. Sahibkarlığa başlayan insan bunları nəzərə almağa məcburdur. Biznes fəaliyyəti növünü seçərkən də sağlamlıq məsələsi də nəzərdən keçirilməlidir. Məsələn, mədəsi narahatlıq doğuran insanın aşbazlıq sahəsində biznes qurması o deməkdir ki, aşbaz kimi başqasını bu biznesə cəlb etməli olacaq. Başqa misal: sahibkarlıq fəaliyyəti növü ayaqüstə aparılmalısa (məsələn, gözəllik salonlarında işləyənlər), gərək ayaqlarda problem olmasın.
Əks halda sahibkarlıq fəaliyyətiniz əzablı və mox güman ki, uğursuz olacaq. Məşhur bir biznesmen deyərdi ki: "İnsan üçün beş əsas dəyər var: 1) ailə, 2) sağlamlıq, 3) inanc, 4) məşquliyyət, 5) var-dövlət. Bunlardan yalnız sağlamlıq itirildikdə bərpa olunmur, qalanlarını itirsəniz də yenidən əldə edə bilərsiniz". Sağlamlıq mühüm amildir. Fikir vermisinizsə xarici biznesmenlər vaxtında və keyfiyyətli yeməyə, idmana və vaxtaşırı həkim muayinələrinə çox böyük əhəmiyyət verirlər.

Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.